Çempionlar Liqasının F qrupunda “Nyukasl” doğma meydanda “Pari Sen-Jermen”lə üz-üzə gələcək.
İlk turda İngiltərə klubu “Milan” səfərində qolsuz heç-heçə etmişdi. “Pari Sen Jermen” isə Dortmund “Borussiya”sından 2:0 hesabilə üstün olmuşdu. “Nyukasl”ın heyətində Harvi Barns və Sven Botman bu görüşdə meydanda olmayacaqlar. Mətbuat konfransında çıxış edən “Nyukasl”ın çalışdırıcısı Eddi Hou 20 il sonra yerli azarkeşlərin yenidən Çempionlar Liqası üçün “Sent Ceyms Park”a toplaşmasını xüsusi hadisə adlandırıb: “Bu, bizim üçün sehrli gecə olacaq. Klubun və azarkeşlərin doğma meydanda Çempionlar Liqası matçı üçün bir araya gəlməsi çox sevindiricidir. Rəqibimiz güclü olsa da sona qədər mübarizə aparacağıq. Paris klubunun əsas lideri heç şübhəsiz ki Kilian Mbappedir. Lakin onun qarşısını ala biləcək gücdəyik. Komanda olaraq bu oyuna tam hazırıq”.
“Pari Sen Jermen”də isə əsas itki Marko Asensionun yoxluğu ilə bağlıdır. Baş məşqçi Luis Enrike “Nyukasl”ı arzuolunmaz rəqib adlandırıb: “Nyukasl topla və topsuz oyunda çox təhlükəlidir. Onlar öz meydanlarında qorxusuz oyun nümayiş etidirirlər. Düşünürəm ki, heç bir klub “Nyukasl”la bir qrupda oynamaq istəməzdi. Bu oyun bizim nəyə qadir olduğumuzu görməyimiz üçün əla fürsət olacaq. Məşqlərimiz çox yaxşı keçib. İnanıram ki istədiyimiz nəticəni əldə edə biləcəyik.”
Qeyd edək ki, “Nyukasl” – PSJ matçı bu gün saat 23:00-da başlanacaq. Görüşü İştvan Kovaçın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Əlavə edək ki, bu qrupun digər qarşılaşması Dortmunda olacaq. Yerli “Borussiya” turnirin ən titullu komandalarından Milanla qarşılaşacaq.